Esse müsabiqəsində 1-ci yer
Uşaqlıq illərim Sovet dönəminə düşməsə də, azdan-çoxdan, valideynlərimdən, avtobus pulunu ödəməkdə çətinlik çəkəndə sərnişinlərdən, oğluna ev ala bilmədiyi üçün evləndirə bilməyən qonşumuzun giley-güzarla dolu sözləri arasından tez-tez “hayıf o cür quruluşdan” deyəndə, haqqında çox eşitmişəm. Doğrumu yalanmı deyirlər: o zaman bu gecə yatanda sabah nə yeyəcəkləri haqqında qətiyyən narahat olmurmuşlar, məmurun ixtiyarı nə imiş fəhlə ilə yarım ton yuxarı danışsın?! Məni həmişə maraqlandıran o olub ki, axı o cürə təriflənən, indi mənə asimana qədər uzaq görünən qocaların “köpəyoğlunun soveti” adlandırdıqları quruluşu dağıtmaq necə mümkün olub? Niyə on beş respublikanın milyonlarla əhalisi meydanlara axışıb rahatlığı üçün üsyan etməyib? Yox, əgər məhz onlar bunu istəyiblərsə, sadə bir təkan verilib vəssalam, onları qane etməyən nə olub?


