Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

“Azərbaycan- ideologiyamız və məqsədlərimiz”

 

Günümüzün ən böyük siyasəti qarşındakını inandırmaqdır. Öz mənafeyini unudub onun üçün çalışdığını anlatmaq və əslində öz məqsədini ehmalca kənara qoyub qarşındakını elə eyni ehtiyyatla aldatmaqdır. Belə olan halda dost – düşmən, xeyirxah-bədxah, siyasi lövhədə dövlət xalq səmimiyyəti çətinliklə qurulmuş olur. Mənafelər və şəxsi istəklər əsas məqsəd olduğu çərçivədə eyni havanı oynamaq qeyri-mümkünə çevrilir. Xüsusilə iyirmi birinci əsrdə bütün sözlərin işlənib köhnəldiyi, əlavə təsirlərin sızdığı dövrdə ideologiyasını qurmaq istəyən xalqların işi lap çətindir, əvvəldən deyim. Bəziləri mənafeni səmimilikdən kənar hesab edir. İşdə mənafe toxumu görünürsə, artıq fədakarlıqla tərs mütənasibdir, deyə sayır. Belə olan halda ideologiya doğrudanmı mənafedən kənar sırf fədakarcasına özünü topluma, cəmiyyətə və daha mücərrəd məvhum olan vətənə qarşı qurban vermə kimi anlaşılmalıdır. Xüsusilə kapitalist mənəviyyatı qarşısında siyasi və maddi mənafelərsiz cəmiyyətə qarşı və onun naminə vuruşmaq mümkündürmü. İdeologiyanı formalaşdıran hərəkətverici güclər – siyasətçilər, hökümət, qeyri-hökümət qurumları mənafesiz və təmənnasızmı çalışmalıdırlar?

İngilis bayrağını küləyin əsdiyi istiqamətdə yellədə bilir, getdiyi yerə özü ilə azadlıq aparır deyirlər. İngilislər beş əsr öncə yeni kəşf olunmuş qitəyə bir az fırıldaq, bir az dələduzluq, yeni din, yeni idarəetmə apardılarsa da, sonunda özləri özününkülərdən olanlara Bostonda tünd bir çay dəmlədilər. Beləcə ayaqlarını tapdalayan köklərini belə baltaladılar və artıq 3 əsrdir ki, Amerika dünyaya azad düşüncə və azad fikir ixrac edir. Beləcə uzun əsrlər boyu Avropanın ən tamahkar ölkəsi Amerikada məhz mənafelərinə zidd siyasət uğrunda savaşa qatılaraq qalib gəldi. Müxtəliflikdə ifadə olunan və kökündə böyük bir mənafe dayanan vahid ideologiya quruldu. Bu analogiya ilə davam etsək, Azərbaycan ideologiyasının özülündə də hər bir fərdin, hər bir azərbaycanlının həm maddi, həm mənəvi marağı toqquşmalıdır. Azərbaycan hökuməti Azərbaycan daxilində və xüsusilə onun sərhəddindən kənarda Azərbaycanın siyasi və tarixi yükünü azərbaycan köklü hər bir fərdin çiyinlərindən daşıtdırmağı bacarmalı və bunu elə ustalıqla etməlidir ki, bu yükü daşımaq o şəxsin çiyninə ağırlıq yox, yüngüllük gətirsin. Bunun üçün dövlət ən böyük öhdəliyini vətəndaşı qarşısında götürməlidir. Bir fikirdə deyildiyi kimi Dövlət ona qarşı çıxanı nə qədər çox qoruya bilirsə, bir o qədər güclüdür. Dövlət elə usta mexanizmlə çalışmalıdır ki, ona qarşı çıxanın çiynində belə bu yükü hiss etdirmədən liman-liman daşıtdıra bilsin və məsələ təkcə Qarabağ və Cənubi Azərbaycan dərdləri şəklində qoyulmamalıdır. Azərbaycan ideologiyası öz başlanğıcını Qarabağ münaqişəsindən götürərsə, güclü və davamlı olmaz deyə düşünürəm. Azərbaycan tarixçünaslığında ən böyük qəsbkarlardan biri kimi qalacaq Şamuyan Azərbaycan haqqında yazdığı bir məktubunda kinayə ilə belə demişdi:“Azərbaycanlılar, onlar ya hədsiz türkçüdürlər, ya hədsiz islamçı. Lakin bir şeyi unudurlar, bunlardan heç biri vətənçilik deyil.”Düşmənin müşahidəsi və hesabatı daha dəqiqdir. Çünki o rəqibini məğlub etmək üçün ən zəif tərəf axtarışındadır. Təəssüf ki, Şamuyan və onun kimilər bu zəif tərəfi tapmışdılar. Zaman-zaman hər yeni gələn işğalçının havasında istər-istəməz oynaya-oynaya başqalaşdıq və başqalaşmağa meylləndik. Hər yeni gələn işğalçının ideologiyası ilə kifayətlənərək əslində ideologiyasızlaşdıq. Bu gün Azərbaycan ideologiyasının ehtiyacı olduğu ən böyük dəyər məhz Azərbaycançılıqdır. Hər bir xalqın dəyəri onun azadlığa olan sevgisi ilə ölçülür. Ən çox sevdiyim aforizmdə belə deyilir: “Hakim çıxardığı hər yanlış qərarda özünü məhkum edər.”Əslində həyatda hər birimiz fərqində olsaq da, olmasaq da hakimik. Ən azından yaxınımızda olan azərbaycanlının hakimiyik. Ona etdiyimiz haqsızlıqla sonda Azərbaycanı və özümüzü məhkum edə bilərik. Yalnız azərbaycanlını sevməklə Azərbaycanı sevmiş və sarsılmaz Azərbaycançılıq Ideologiyası qurmuş olarıq. Mən bütün Azərbaycana azadlıq ideologiyası arzulayıram.  Bu gün üçün konkret təklif:  Hərbi Təhsil və Təhsillə Hərb. Məqsəd: VAR OLMAQ.

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha