Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

Torbadakı on min dollar

 

And olsun Allaha ki, kimə bu əhvalatı danışsam, mənə inanmaz. Axı kimin ağlına gələrdi ki, vur-tut beşinci sinif şagirdi olan qız uşağının “idman forması” adı ilə gəzdirdiyi polietilen torbanın içərisindəki idman paltarı yox, on min  dollardır. Hiss etdim ki, dollar sözünü eşidən kimi maraq sizi bürüdü. Niyə də bürüməsin. Dolların nəyə qadir olduğunu kim bilmir?

Nəyə desəniz and içməyə hazıram. İnsanları inandırmaq üçün anddan başqa nə var ki? Müqəddəs Qurandan tutmuş, İncilə kimi nəyə desəniz and içə bilərəm ki, bu olmuş hadisədir. Elə güman etməyin ki, mən gecələr yatıb səhərlər ayılaraq “ilham pərisi”nin sifarişi ilə nə isə cızma-qara edən yazıçılardan biriyəm. Əsla yox. Mən adi tələbəyəm. Yox, adi tələbədən bir az fərqli tələbəyəm desəm, daha dəqiq olar. Çünki mən hər semesterin sonu müəllimlərin arxasınca düşüb rüşvət təklif edərək qiymət alan tələbələrdən deyiləm. Mən gecə-gündüz oxuyuram. Elm mənim ən sevimli məşğuliyyətimdir. Məhəmməd Peyğəmbər özü də “beşikdən qəbrə kimi oxuyun” demişdi. Lenin də “oxumaq, oxumaq, yenə də oxumaq” deyərək Məhəmməd Peyğəmbəri yenə də təkrar etmişdi. Amma mən təkcə peyğəmbərimizin xatirinə oxumuram, mənim oxumağım vacibdir. Çünki mən əcdadlarımızın çənə sümüyünü öyrənməklə məşğulam, yəni tarixçiyəm. Tarixi rüşvətlə öyrənmək olmaz. Düzdür öz tarixini rüşvətlə yazanlar da var. Buna saxta tarix deyirlər. Amma mənim tarixim belələrindən deyil. Bir odur ki, bizim həqiqi tariximizi əməlli-başlı yazmaq qabiliyyətimiz olsa da, vaxtımız və hövsələmiz yoxdur. Bu mövzu hələlik mənlik olmadığı üçün bu barədə danışmaq istəmirəm. İndi əsas məsələ mənim qiymət almağımdır. Dedim axı, mən əcdadlarımızın çənə sümüyünü öyrənməklə məşğulam. Amma elə müəllimlərimiz var ki, acdadlarımın çənəsi barədə bilib-bilməməyim onu maraqlandırmır. O zaman mən uzaq qohumum olan professor İntiqam müəllimimin üstünə qaçıram. O da elə yanımdaca həmin müəllimə zəng vuraraq çox təmkinlə;             -Balam, bu qız oxumaq istəyir də, niyə imkan vermirsiz? Niyə imkan vermirsiz gələcək nəsillər tariximizi öyrənsinlər? Kim sizə bu haqqı verib axı?-deyərək, guya bu haqqı verəni tanımırmış kimi başını bulayaraq məni dönə-dönə tapşırırdı. Bax mən belə tələbələrdənəm. Yəqin inandınız ki, mən yazıçı deyiləm. Bir odur ki, bəzən adam nə zamansa şahidi olduğu və o zaman ona əhəmiyyətsiz görünən bir hadisənin dərinliyinə varanda bunun nə qədər əhəmiyyətli olduğunu anlayıb kiməsə danışıb ürəyini boşaltmaq istəyir. Əgər bu “ilham pərisi”dirsə, qoy olsun.             Bayaqdan iş-gücünüzü buraxıb mənə qulaq kəsilmisiniz.  İnanın mən hər şeyi olduğu kimi bər-bəzəksiz danışıram. Bir də ki, burda inanmamalı nə var ki? Dünya qəribəliklərlə doludur. Bir kəsin yuxusuna girməzdi ki, sərçələrin belə cəsarət edib bulaşdıra bilmədiyi Leninin heykəli, portretini ayaqyolundan başqa hər yerə vurmuş qatı kommunist Lazımovun gözləri qarşısında diyirlənib yerə sərilərək ordan da zibil maşınına yüklənib zibilliyə atılacaq. Lazımov bilirdi ki, bu indi lazımdır, çünki başıxallı Qarbaçovun arvadı Raisa bunu istəmişdi. Lazımov ürəyində Raisanı öz dədə-baba söyüşləri ilə söymüşdü də, yəqin...  Qorxuram sonra deyərsiz ki, mən “politiklər” kimi burnumu hər yerə soxuram, Allah eləməsin. Elə sözarası görüb-eşitdiklərimi sizə danışıb ürəyimi boşaldıram. Bir də ki, mən bunları sizə deməmiş kimə deyəcəm. Amma Leninin movzeleydə şüşənin altında keyfə baxan ruhu da dinc durmadı, Raisaya qənim oldu. Dərmanı tapılmayan xərçəngdən Raisa o biri dünyalıq oldu. Mən Lazımovun Leninin iri portretini arvadının artıq yaramayan nimdaş gecəköynəyinə büküb dəmir çarpayının altında gizlətdiyini axı sizdən niyə gizlədim? Bu məsələdə nə Lazımovu qınamaq, nə də dünyanın işini bilmək olmaz... Əşşi onlar öz yerində, deyirəm keçək əsas məsələyə.             Ülviyyə sinfimizdə ən sayılan şagirdlərdən idi. Siz də şagird olmusunuz, bütün siniflərdə belə “hörmətli” şagirdlər olur. Ülviyyənin atası böyük adam idi. Hansısa dövlət idarəsində rəis müavini işləyirdi. Yəni rəisin adı var idi, bütün işlər Ülviyyənin atasının əlinin altından keçirdi.Anası da həmin idarədə mühasib işləyirdi. Ülviyyənin ciy-ciy səsi uzaqdan tanınırdı. Özü də bir dəri idi, bir sümük. Dişləri bir-birinin üstünə çıxaraq sanki balaca ağzında savaşırdılar. Yaşıla çalan gözləri ağappaq üzündə təzəcə böyüməyə başlayan turş alçanı xatırladırdı.        Sonuncu dərsimiz idman idi. Biz hay-küy ilə qızların soyunma otağına doluşduq. Burada kif iyindən həmişə burnum qıcıqlanırdı. İdman müəllimimiz tez-tez qapıdan içəri boylanaraq “tez olun, cəld olun”, deyib bizi tələsdirirdi.  Ondan heç xoşum gəlmirdi. Öz aramızda ona “fındıqbaş” deyirdik. Arıq, balacaboy idman müəllimimiz idmançıdan çox, məhəllə-məhəllə gəzib xırdavat satan oğlana oxşayırdı. Amma bir hadisədən sonra onun idmançı olduğunu bildim. Çox istərdim bu hadisəni sizə də danışım            İdman müəllimimizin fındıq başının sağ və sol tərəfində ispanaq yarpağına bənzəyən iri qulaqları vardı. Həmişə içimdən dəli bir istək keçirdi. Ona “uzunqulaq” demək. Bilirəm siz adətən savaşarkən bir-birinizə daha çox dediyimiz heyvan adını fikirləşəcəksiniz. Amma yox. Mən idman müəllimimizə bu heyvanın adını demək istəmirdim. Sadəcə olaraq normadan çox iri olan qulaqlarını xatırlamaq üçün heç olmasa ona bircə dəfə “uzunqulaq” deyə bilsəydim...  Əslində eşşək mənim ən çox sevdiyim heyvandır. Başa düşə bilmirəm, özündən razı atın kişnəməsindən, qozbel dəvənin tüpürməsindən insanlar niyə zövq aldıqları halda, eşşəyin anqırmasına ədəbsizlik kimi baxırlar? Hələ iti demirəm. “İt insanın dostudur” deyirlər. Məncə “eşşək insanın ən yaxın dostudur” deyilsə, daha doğru olar. Çapdığını üzərindən yerə çırpan atlar, tərsliyinə salıb insanları səhrada qoyan dəvələr, sahibini tutan itlər haqqında az eşitməmişik ki...            Amma eşşək həmişə sahibinə sadiq qalıb, arabir şıllaq atmağı kiməsə xoş gəlmirsə, bu o demək deyil ki, o pis heyvandır. Bir az yaxşı çıxmasa da, deyəcəm, eşşək qızların ümid yeridir. Uşaq vaxtı nənəmin təbiri ilə eşşəyi o qədər tərs minmişəm ki... Deyirlər onda qızların bəxti tez açılır. Düzdür bu vaxta kimi “elçi daşı” nın üstünə sərçələrdən savayı bir bəni insan qonduğunu görməsəm də, ümidimi itirməmişəm.            Onu deyirdim axı... bir dəfə idman dərsində oğlanlarımızdan birinə dilimizdə olan, amma məktəbdə dilimizə gətirilməsi qadağan edilən bir söz dedim. O da idman müəllimimizə məndən şikayət etdi. Müəllimimiz də məni söydüyüm oğlandan üzr istəməyə məcbur edərək:            - Onu söyməyə sənə kim icazə verib? – deyərək soruşdu.            Dilim dinc durmadı. Dilimin başıma bəla olduğunu bilirəm.             - Kimisə söymək üçün qabaqcadan icazə alırlar, müəllim? – deyə bic-bic güldüm.            İdman müəllimimiz cin atına mindi. Arıq əli ilə qulağımı dartanda ağrıdan içalatım tərpəndi. Uzun illərdən bəri arzuladığım sözün deyilməsi üçün imkan yarandı.             - Müəllim, olar sizə “uzunqulaq” deyim? - deyə büzüşmüş vəziyyətdə soruşdum.            - Tərbiyəsiz. – deyərək o qulağımı son dəfə var gücü ilə elə dartdı ki, mən artıq qulaqsız qaldığımı güman etdim.             - Mən ki sizdən icazə aldım. İstəmirsiz, demərəm – dedim.            Amma onun qəzəbi soyumadı. Sinif iclasında məni o ki var danladılar. İdman müəllimimizdən üzr istəməyimi tələb etdilər. Elə bil onun uzun qulaqlarını Allah yox, mən yaratmışdım. Amma mən bütün bunları o qədər də vecimə almadım. Çünki bu hadisə çox sevdiyim heyvanın – eşşəyin adı ilə bağlı idi. İndi də bayaqdan ac pişik kimi tez-tez içəri boylanaraq bizi tələsdirən idman müəllimimizə baxanda bir neçə gün ağrısından yata bilmədiyim qulağımı xatırlayıb əsəbiləşirdim.            Qəfil ətrafa səpələnən pullardan çaşıb qaldıq. Üstündə yaşlı kişi şəkli olan tünd yaşıl rəngli pullar havada rəqs edə-edə ayağımızın altına səpələndi. Bu, adını eşidib, üzünü görmədiyim dollar idi. Ülviyyə hündür yerdən ağzı üstə tutub boşaltdığı torbadan tökülən pullara baxanda alça deyəndə ağzım sulandığı kimi balaca yaşıl gözləri sulandı və qəfil yağan yağış kimi tökülməyə başladı.            Biz sanki dolların üstündəki kişinin zəhmli baxışlarından qorxaraq dəhşətlə yerə səpələnmiş pullara baxırdıq. Ülviyyənin ağladığını görəndə qızlardan biri özündə cəsarət tapıb pulları yenidən torbaya yığmağa başlayanda biz də ona qoşulduq. Zibil kimi süpürləyib yığdığımız dollarlar torbadan bizə vahiməli görünürdü.            - İndi mən bunu evimizə necə aparacam?Ülviyyə için-için ağlayırdı. Onun xahişi ilə biz bu barədə müəllimizə bir söz demədik. Sinfimizin “qəhrəman”ı sayılan Vahidi çağırıb (həm də onlar Ülviyyəgillə qonşu idilər) dollar dolu torbanı ona tapşırdıq. Valeh torbanı sinəsinə sıxıb:            - Ağlama, Ülviyyə, indi aparıb çatdıracam evinizə - deyib oğrun-oğrun dərsdən qaçdı.              Son dərsimiz idman olduğundan biz hadisə haqqında səhəri gün xəbər tutduq.            Hündürboy, zəhmli müstəntiq bizi lap böyük adamlar sayağı dindirərək qarşısındakı ağ vərəqə nə isə cızma-qara edəndə qorxudan dilim-ağzım qurumuşdu. Fikirləşdim ki, ilahi, görəsən bizim sinfin nə günahı var idi ki, bu hadisə başımıza gəldi.            Bizi bir neçə dəfə, dönə-dönə dindirdilər. Soyunma otağımızda çəkilişlər etdilər. Bircə necə soyunub-geyindiyimizi soruşmadılar.            Hamımız torbanın sonuncu dəfə Vahid tərəfindən aparıldığını təsdiqlədik. Sən demə torbada nə az, nə çox on min dollar var imiş. Vahid isə on min dollar olan torbanı apararkən iki nəfər oğlanın üstünə cumaraq torbanı onun əlindən aldığını dili topuq vura-vura, amma yerli-yataqlı danışdı ki, sonda müstəntiq Vahidin anasına uşağı “Çildaq” a aparmağı məsləhət gördü. Özü isə dördkünc papkasını qoltuğuna vuraraq oğruların axtarışına başladı. Əslində isə... Bəli, əslində isə hadisə belə olmuşdu.             Mağazaya çörək almağa düşən Jenya xala oğlunun tələsik qonşu bloka girdiyini görüb onu haraylayır.            - Adə, Vahid, hara gedirsən?            - Bunu Ülviyyəgilə çatdırmalıyam. Vahid sinəsinə sıxdığı torbanı başının işarəsi ilə anasına göstərir.            - Nədir o?            - Sakit ol, ma. Demək olmaz.            Maraq Jenyanı bürüyür.              Vahid torbanın ağzını sıxanda Jenyanın gözləri bərəldi. Oğlunun qolundan tutub yavaşca evə sarı çəkir.             - Ma, sən nə danışırsan?            - Nə deyirəm, ona da əməl et. Durduğumuz yerdə Allah bizə özü xəzinə göndərib. İndi xoşluqla qaytaraq? Sən deyilsən maşın üçün ölən?            - Bəs papa nə deyir?             - Adə papa gic deyil ki...Mən hər şeyi yoluna qoyacam. Sən varaq gətir mən deyənləri yaz, həm də əzbərlə - deyib Jenya xala elə bir plan cızıb torbanın dalından keçir ki, Jenyanı yaxşı tanıyan tum satan Hürü xala ilə çəpgöz Bəyazdan savayı heç kəs ondan şübhələnmir. Hətta Jenya oğlunu zibilə saldığı üçün Ülviyyənin valideynlərinin, məktəb direktorunun üstünə hücum çəkir. Dərs zamanı uşaqlara nəzarət etmədiyi üçün fındıqbaş idman müəllimimizi abırdan salır.            Mən bütün bunların şahidi olmadım. Sadəcə olaraq həyət arvadlarının anamla söhbətlərindən eşitdim. Bizim həyət arvadları ən qatı cinayətləri də açmağa qadirdirlər, desəm, buna şübhə etməyin. Dedikləri də həmişə düm-düz olur.            Bəs on min dollar Ülviyyənin torbasında nə gəzirmiş? Bu barədə də eşitdiyimi lap yığcam şəkildə sizə deyərəm.            Ülviyyənin atası rəisinin “on min dollar” dolyasını “yuxarılardan” kiməsə çatdırmalı imiş. Səhər tezdən anası eyni şəkilli paketlərdən birinə Ülviyyənin idman formasını, o birisinə isə səliqə ilə parıltılı kağıza bükülmüş “dolyanı” yerləşdirir. Bəli, torbalar səhv düşür. Ülviyyənin torbasının taleyi mənim gözümün qarşısında baş verdi. Bəs atasının “dolya” adı ilə “yuxarı”ya “təqdim etdiyi” idman formasının taleyi necə oldu? Bax ən dəhşətlisi bu imiş. Torbanı alan adam içərisindəki uşaq, idman formasını görüb ələ salındığını başa düşür. Elə həmin dəqiqə də öz səsi öz başına düşür. Hələ heç nə başa düşməyən rəis isə yarım saat ərzində işdən qovulur. Ülviyyənin atası işdən qovulmuş rəisinin əmri ilə bir həftə ərzində evini, bağını, maşınını, qiymətli əşyalarını sataraq on min dolları qaytarır, rəis də yarım saata qovulduğu işinə yarım saata işini yarım dəqiqəyə bərpa olunur.             İndi Ülviyyəgil kirayənişin qalırlar. İşsiz qalmış atası çoxlu-çoxlu qəzet oxuduğundan müxbirliklə məşğul olur. Bunu anamdan eşitmişəm.             Jenya xala isə... Jenya xala isə tum satan Hürü ilə, çəpgöz Bəyazdan savayı hamını mat qoydu. Tezliklə Bakıya köçdülər. Jenyanın əri Mürsəl dayı məhəllədə asaişi qorumaq məqsədi ilə “uçaskovu”, Jenya xala uşaqların tərbiyəsi ilə məşqul olmaq üçün baxça müdirəsi işləyir. Sevirəm bu cür ali məqsədlərə qulluq edənləri.            Mən bu hadisənin yan-yörəsindən danışdım. Bircə Jenya xalanın belə ağıllı “priyomu” haradan almağından başqa. Elə bu yaxınlarda bunun səbəbini də öyrəndim. Jenya xala metis idi, yəni atası erməni, anası rus, əri azərbaycanlı.            Bizim millət bu dünyada rahat yaşamağın “politik” yollarını ən azı erməni Jenya qədər bilmədiyi üçün deyərdim...            Bunu özünüz deyin.

 

Samir yazıb:

 

Salam mən bu mövzunun bir əvvəlini birdə axırını oxudum.Axırdakı Erməni qadın haqda eşitmişəm.Sizin saytdan xoşum gəldi.boş vaxtım olanda hekayələrin hamısını oxuyacam

Sahile yazıb:

 

Salam Samir bey,
Ermeni qadin haqda harda eshitdiyinizi bilmirem,amma deyim ki, buna oxshar hadise heqiqeten olub. Men sadece bezi yerlerde texeyyulden istifade edib genishlendirmishem.

Hormetle,
Sahile


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha