Dünyanın hər yerində günahsız insanlar ölürlər.
Bu hekayəni onlara ithaf edirəm.
Bu hadisə baş verəndə mənim dünyaya gəlişimdən cəmisi beşcə il keçirdi. Valideynlərimin dediyinə görə, onlar gözlərini yumub-açınca mən böyümüşəm. Əlbəttə valideynlərim bunu məcazi mənada deyirdilər, ancaq, bu sözləri lap həqiqi mənada da işlətmək olardı. Məsəl üçün, onlar deyə bilərdilər ki, onlar gözlərini yumub-açana qədər Sovetlər İttifaqı dağıldı. Valideynlərim Rus imperiyasının qalıqları idilər. Mənim də həyatımın beş ili Sovet dövrünə təsadüf edirdi. Lakin o illərdən elə bir unudulmaz xatirələrim qalmayıb.
Amma valideynlərim elə gün olmur ki, keçmişlərindən söhbət açmasınlar. İllah da ki ailə problemləri ortaya çıxanda bu mövzu daha da aktuallaşır. Misal üçün anamın müalicəsi üçün pulsuzluqdan şikayətləndikdə və ya bayram günləri müəllimimizə qiymətli hədiyyə almaq üçün şagirdlərdən pul yığdığımı eşidəndə həmən dəqiqə atam cin atına minir. “Köpəkoğlunun Sovet dövründə belə şeylərə yol verərdilər, heç? Adamın atasına od vurardılar, tutub dama basardılar” deyərək evi siqaret tüstüsünə bürüyürdü. Anam isə məktəb illərindən elə xatirələr danışır ki, bacılarım və mən heyranlıqla qulaq asırıq. İllah da ki ibtidai sinif şagirdlərinə tənəffüs zamanı pulsuz kolbasa və peçeniya payladıqlarını deyəndə balaca bacımın ağzı açıq qalır. Bir sözlə, onlar xoşbəxt Sovet uşaqlarının qanacaq-mərifətlərindən dönə-dönə nümunələr gətirərək indiki uşaqları o ki var pisləməkdən yorulmurdular. Bütün bunlarla bərabər, mən taleyimə düşmüş müstəqilliyimi heç nə ilə dəyişmərəm. Deyəsən axı mətləbdən çox uzaqlaşdım. Axı sizə qara əlcəyin əhvalatını danışacaqdım. Biz o səhər uzun bir fit səsinə oyandıq. Yəqin ki birinci oyanan anam olmuşdu. Anam çox ayıq yatırdı. Vay odur ki, yatağımızda eşələnək, həmən dəqiqə oyanıb yan-yörəmizi yorğanla basdırır ki, bizə soyuq dəyməsin. Allah bizi bu dünyaya məsləhət görəndən bəri anam bir gecəni əməlli yatmayıb, yəqin. Xəstələnən kimi də Allahdan möhlət istəyir, ona görə yox ki, anam bu dünyada nəfəs almaqdan ötrü sino gedir. Yox. O bu ömrü bizə görə istəyir. Deyir, başıma bir iş gəlsə, düzdə qalarsız. Yenə də Sovet dövrü olsaydı,...Anama görə iraq-iraq qulaqlarına qurğuşun, Sovet dövrü olsaydı və qəfil düşüb ölsəydi, nigaran qalmazdı biz sarıdan. Sovet hökuməti yetim uşaqların qayğısına yaxşı qalırdı. Anam yetimlər evindən, yetim uşaqların yaşayışından, dövlətin onların təhsil almasına xüsusi fikir verməsindən elə ağızdolusu danışırdı ki, istər-istəməz adamın içindən Sovet dövrünün yetimi olmaq arzusu keçirdi. Deməli biz uzun fit səsinə oyandıq. Əlbəttə bu avara oğlanların bivaxt çaldıqları fitdən deyildi. Bu, anamın dediyi kimi “trivoqa”, daha dəqiq desək həyəcan siqnalı idi. Böyüklü-kiçikli hamı məhəlləyə tökülmüşdü. Böyüklərin danışığından belə başa düşdüm ki, rus qoşunları Bakıya hücum ediblər. Günahsız insanları tankların altında əziblər. O vaxt məktəbli Larisanın ölümünə yaman acıdım. Larisanın atası azərbaycanlı, anası rus idi. Deyilənlərə görə, Rus qoşunları arasında saqqallı ermənilər də varmış. Lap məəttəl qalmışam. Məhəlləmizin yarısı ermənilərlə ruslar idi. Biz həmişə mehriban olmuşuq. İndi anladım ki, ermənilər kimi kinli millət yox imiş. Anam deyir ki, erməni uşaqları doğulan kimi qulağına pıçıldayırlar: “Türk bizim düşmənimizdir”. İnsafən biz çox humanist xalqıq. Ermənistanda damazlıq üçün bir nəfər azərbaycanlı qalmadığı halda, bizdə nə qədər desən erməni var. Hünərin var, onlara gözün üstə qaşın var deyəsən, o da səndən şikayət eləyə, polis də həmən dəqiqə başının üstünü kəsdirər ki, yazıqdır, xətrinə dəymə. Hətta valideynləri tərəfindən atılmış şikəst erməni uşaqlarına uşaq evində elə canıyananlıqla baxırlar ki... Nə bilim görünür bunu dərk etmək üçün mənim ağlım azlıq edir. Qarda-çovğunda öz torpağımızdan qovulmuş uşaqların şaxtadan donub ölməsini yada salıb, heç olmasa, onları öz respublikalarına təhvil versəydilər məni bu qədər yandırmazdı. Deyəsən mən doğrudan da mətləbdən lap gen düşürəm. Amma bunu sizə deməsəm ölərəm. O şeylər ki mənim beynimi düşünməkdən lap xarab edir, istərdim o şeyləri siz də biləsiniz. Bu hadisəni sizə olduğu kimi danışıram. Siz Allah darıxmayın, qara əlcəyin əhvalatına lap az qalıb, amma ondan qabaq siz bu hadisəyə qulaq asın. Bizim sinif rəhbərimiz Muxtar Mamedoviç (hamı onu belə çağırır) həm də rus dili müəllimimizdir. Rus imperiyasının dağılmasına baxmayaraq, rus dili məktəbimizdə əsas fənlərdən sayılır, sanki bu fənn Sovet dövrünün toxunulmaz yadigarıdır. Muxtar Mamedoviç Sovet İttifaqını lap atam kimi sevirdi. Həmişə Lenindən sitat gətirirdi. İnsafən bu sitatlar bizi ancaq yaxşı, tərbiyəli olmağa, əla oxumağa səsləyirdi. Lenin biz uşaqların əleyhinə bir söz demədiyindən biz onun sitatlarını əzbərləməyə çalışırdıq. Amma mənim Muxtar Mamedoviçdən zəndi-zəhləm gedirdi. Ona görə yox ki, onun gözləri sanki alnının ortasında yerləşirdi və yaxud qulaqlarından çıxan uzun, qara tüklərə baxanda ətim ürpəşirdi. Yox, sadəcə olaraq mənə elə gəlirdi ki, o rusla erməninin qarışığıdır. Sizə danışacağım hadisədən sonra buna heç bir şübhəm qalmadı. Mən Aidə xalanın uşaq kitabxanasında təşkil etdiyi rəsm sərgisində iştirak edirdim. İki rəsm əsəri diqqətimi cəlb etdi və imzalarına baxdım. Bunlardan birinin altında qonşumuz Hayqanuşun qızı Jalə ilə Lalənin adları yazılmışdı. Onu da deyim ki, indi Hayqanuşun adı Məleykə olmuşdu. Erməni-müsəlman savaşından sonra öz adını dəyişmişdi. Jalə ilə Lalənin atası azərbaycanlı idi. Əlbəttə, bunu sözarası deyirəm. Məni dəhşətə gətirən bilirsiz nə idi? Sinif yoldaşım Kənanın rəsm əsərlərini oğurlayıb özünün və bacısının adından sərgiyə təqdim edən Lalənin yalanı. - Aidə xala, bu Kənanın əsərləridir. Lalə sizi aldadıb,-deyə bağırmağa başladım. Hamı bir anlıq çönüb mənə baxdı. Yəqin ki, məni dəli hesab edənlər də oldu. Çünki mən sərgidən lap dəlilər kimi çıxdım. Həmən gecə yerimdə vurnuxa-vurnuxa qaldığımdan səhərəyaxın anam məni yerimdən güclə oyatdı. Dərsin sonunda Lalənin Kənanın əsərlərini oğurlayıb öz adından sərgiyə verməsini lap hind kinolarının sonluğundakı kimi emosiyalı formada uşaqlara çatdırdım. Sensasiyanı sevən sinif yoldaşlarım kitabxanaya cumdular. Hamı iki bacıya kinayə ilə baxmağa başladı. Çoxları “ayıb olsun,utanmaz, oğru” deməkdən belə çəkinmədi. Amma, hər iki bacı təkcə mənə nifrətlə baxırdılar. Etiraf edim ki, mən onların qorxusundan bir az titrəyirdim. Uşaqlar olmasa idi, lap ürəyim də gedərdi. Mən bilirdim ki, ürəkgetmə çətin anlarda aradan çıxmaq üçün ən sərfəli üsuldur və bu üsuldan çox məharətlə istifadə etdiyim üçün özümdən razı qalsam da, doğrusu çox vaxt bu mənə əzab verirdi. Yəqin bu vicdan əzabı idi. Axı mən hələ vicdanımı itirməmişdim. Hə... Deyəsən yenə mətləbdən kənar düşdüm. Siz Allah, bu xasiyyətimin genlə gəldiyini nəzərə alıb üzürlü hesab edin. Mən səhər dərsə gedəndə Hayqanuşu məktəbin həyətində görəndə qarnıma küt bir sancı doldu. Uşaqların arasından sivişib sinfə qaçdım. Muxtar Mamedoviç Hayqanuşla sinfə keçəndə ürəyim şiddətlə döyünməyə başladı. Muxtar Mamedoviç barmağı ilə mənə ayağa durmağı əmr etdi.- Dünən nə hoqqa çıxarmısan, Qasımov?- Mən düzünü...- Kəs səsini!- Adam xəbərçi olmaz – Hayqanuş Muxtar Mamedoviçdən fərqli olaraq insafən çox mülayim dedi.- Mən xəbərçi deyiləm, mən həqiqəti ...- Kəs səsini sənə dedim, tərbiyəsiz.- Eybi yoxdur Muxtar Mamedoviç uşaqdır, başa düşməyib. Hayqanuş əlindəki konverti jurnalın altına qoya-qoya:- İki valideyndən başqa hamı verib – dedi.Muxtar Mamedoviç razılıqla başını tərpədərək gülümsəyə-gülümsəyə Hayqanuşu yola saldı. O günü dərs boyu dişim bağırsağımı kəsdi. Evə gələndə qanımın qara olduğunu anam hiss etdi və məndən əl çəkmədi. Ax onun bu qədər həssaslığı bizi bir qırıq da yalan danışmağa qoymur. Axır ki, hər şeyi olduğu kimi ona danışdım. Anam səhər tezdən mənimlə məktəbə gəldi. Muxtar Mamedoviçi yaş yudu, quru sərdi. Muxtar Mamedoviç anamdan üzr istəsə də, mənə xəbərçi dediyini boynuna almadı. Mənim çox haqlı olduğumu, Sovet dövrünün əsl pioneri, keçid dövrünün əsl məktəblisi olduğumu dönə-dönə vurğuladı. Odur-budur Muxtar Mamedoviçdən zəndi-zəhləm gedir. Nə isə... Keçək əsas məsələyə. Artıq bu əhvalatlardan xeyli keçmişdi. Yenə o dəhşətli yanvar ayını bizə xatırladan yeni bir yanvar ayı gəlmişdi. Gecədən yağan qar səhər tezdən şəhərimizi tanınmaz etmişdi. Qar dənəcikləri aman vermədən bir-birinin üstünə yağaraq ağacları, evləri, yolları elə bərk-bərk qucaqlamışdılar ki, heç güman etmək olmazdı ki, bir neçə gündən sonra günəş onları əridərək bir-birilərindən ayıracaq. Qartopu oynamaq həvəsi ilə tənbəl uşaqlar da ertədən oyanmışdılar. Uşaqlar tək-tük həyətə düşməyə başlayanda bayaqdan baş-beynini apardığımız anam da bizi altdan geyindirib üstdən qıfılladı, bir-bir əlcəklərimizi geyinməyə kömək etdi. Mənə çatanda isti saxladığı üçün çox sevdiyim əlcəklərimə baxaraq duruxdu. Tez ol, hamı getdi, axı – deyə anamı tələsdirdim. Anam bir qədər əsəbi halda əlcəkləri əlimə keçirtdi. Sanki o əlcəkləri döyə-döyə, ayrı-ayrı barmaqlarıma yerləşdirə-yerləşdirə onları yumruqlayırdı. Biz evə dönəndə qapqara əlcəklərim suyun içində idi. Anam qurutmaq üçün onları peçin qırağına düzəndə atam:- Bu Vartuş verən əlcəkdir? – deyə soruşdu.Anam qara əlcəyi hirslə əlinə götürüb “atacağam getsin bunları” – deyəndə atam əlcəkləri onun əlindən alıb: - Atma. Uşaq nə bilir axı, bunları kim verib. Maaşımı alana qədər qoy taxsın. Havalar soyuq keçir, uşağın əlləri üşüyər.Anam susdu. Mənim əllərimin üşüməsi anam üçün faciə idi. Yadıma düşəndə ki, əlcəyi Vartuş toxuyub, yaman əsəbiləşirəm. Bir fərli rəng də seçməyib. Qapqara əlcək. - Ermənilər qara rəngi xoşlayırlar. Bacılarım qara rəngi xoşlayırlar. Bacılarım qara geyinəndə nənəm hirslənərdi. Deyərdi ki, erməni kimi qara rəngdən yapışmayın. Bir az könül açan rənglərdən istifadə edin. Atamla anam çox danışdılar. Hər şeyin səbəbini həmişə olduğu kimi sonda yenə də Sovet İttifaqının dağılmasında gördülər. Vartuş... Bu qarı gombul Svetanın nənəsi idi. Üzü qırış-qırış olan qarının, ağappaq saçları qara yaylığın altından daha tez nəzərə çarpırdı. Yay-qış qara corab geyinərdi. Mən onu həmişə corab toxuyan görürdüm. Adama elə gəlirdi ki, Vartuş qarı dünyaya elə corab toxuya-toxuya gəlib. İşıqlarımız ertədən söndüyü üçün anam bizi saldı yatağa. Diksinib ayılanda tər-suyun içində idim. Gördüyüm yuxunun təsirindən hələ titrəyirdim. Yuxuda görmüşdüm ki, Vartuş qarı həmişəki kimi qapqara yaylıq başında, qapqara corablarda əlində qapqara əlcək toxuya-toxuya mənə tərəf gəlir. Birdən o toxuduğu qara əlcəyi əlinə keçirib məni boğmağa başladı. Nə yaxşı ki, bu yerdə ayıldım. Allah bilir sonra nələr olardı. Doğrusu bərk qorxmuşdum. Qara əlcəklərimi peçin qırağından götürüb eyvana çıxdım. Sakit gecədə narın-narın yağan qar hər yanı ağappaq rəngə boyamışdı. Ağappaq qar zülmət gecəyə aydınlıq gətirmişdi. Mən qara əlcəyi qəzəblə aşağıya tulladım. Aydınlıq gecədə qara əlcəklər çox vahiməli görünürdü. Eyvan qonşumuz Hayqanuşgildə səs-küy gəlirdi. Yadıma düşdü ki, Hayqanuşun bu gün ad günüdür. Onun ad günündə əri Valehin Qarabağdan zorla qovularkən dağlarda şaxtadan donaraq ayağı dizdən kəsilmiş atası Mahmud və şəhid oğlunun meyidini hələ də tapa bilmədiyi üçün həmişə ağlayan Gülgəz nənə də iştirak edirdi.- Əlcəkləri niyə atdın? Anam kövrək-kövrək soruşdu.- Özün bilirsən – dedim.Anam məni qucaqlayaraq kaş bir gün erməni faşistlərini bu qara əlcək kimi tullayıb ataq.Qəfil işıqlar yandı. İçəri keçmək istəyəndə Valeh əmi eyvanda göründü. Elə gözünə görünən də ağappaq arın üzərindəki qara əlcəklər oldu.- Qonşu, o əlcəkləri kim atıb, görəsən?- Mən atmışam, Valeh əmi.- Niyə?- Çünki onu erməni Vartuş qarı bağışlamışdı. Valeh əminin sifəti sanki əyildi. Hayqanuş eyvanda göründü.- Qonşu, sizdə işıqlar yanır?- Yanır – deyə anam sakitcə cavab verdi.- Bəs bizim işıqlarımız niyə söndü, Valeh?- Səni bilmirəm, mənim işığım on beş il bundan əvvəl sönüb Hayqanuş. Valeh əmi bu sözləri qarın üzərinə atılmış əlcəklərə baxa-baxa dedi. Anam məni qucaqlayıb içəri keçirtdi. Qəfil yanan işıqdan içimə bir istilik doldu. Peçin kənarında qara əlcəkləri görməyəndə özümdə bir rahatlıq hiss etdim, sanki böyük bir bəladan qurtarmış kimi yuxuya getdim.


