Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

Adamlar üçün darıxan adam

 

Bivaxt çalınan telefon zənginə ayıldım. Anam “xeyr ola balam, belə bivaxt” deyə dəstəyi tələsik götürdü.        

- Alo.        

- Seva sənsən? - xəttin o başından gələn səs mikrafondan açıq-aydın eşidilirdi. Gecənin bir aləmi çalınan zəng məndə də maraq oyatmışdı. Divardakı kəfkirli saatın əqrəbləri saat dördü vurmaq üçün sanki dağa dırmaşırdılar.

- Mənəm, kimdir ki?        

- Mənəm də Seva, Mətiş.        

Anam bir anlıq fikrə getdi.        

- A... Tanımadın? Mətişəm də, keçmiş sinif yoldaşın, dağlı Mətiş.        

- Hə. Mətiş, tanıdım. Ay qız xeyr ola?        

- Helə-belə, ürəyim istədi. Zəng vurdum Seva. Kitabıvı indicə oxuyub qurtarmışam. O qədər kövrəldim ki, Seva.        

Dağlı Mətiş hər cümləsinin əvvəlində və sonunda Seva sözünü xüsusi bir vurğu ilə deyirdi.        

-Kitabımı hardan almısan?        

-Həkim yoldaşlarımdan birində gördüm. Özün bilirsən də kitab dəlisiyəm. Maraq üçün alıb baxdım. Şəklivi görən kimi tanıdım səni. Saçların ağarıb, yaşlaşsan da tanıdım həmən dəqiqə səni. Gör nə vaxtdır görüşmürük Seva.        

- İyirmi il olar.        

-Həri. Qurban olaram səsivə. Onu deyirdim axı, xahiş eliyib kitabı aldım bir günlüyə. Telefon nömrəvi də onnan aldım elə. Əla yazırsan. Sağ ol Seva.        

-Niyə sağ ol deyirsən?        

-İçimdən gələnləri yazmısan. Dokturun da səni yaman təriflədi. Dedi cəsarətli yazıçıdır. Yazdıqları kimi də özüdür, dedi. Düz də deyirmiş. Kitabıvın hər səhifəsində səni görürdüm. Sovet dövrü olsaydı əl-əl gəzərdi kitabın. İndi kimdi kitab oxuyan?        

-Çox sağ ol Mətiş. Özündən danış. Nəylə məşğulsan? Necə yaşayırsan?        

-Yaşıya bilmirəm, Seva. Bu həyat sıxır məni.  Boğuluram. Dünya gözümdə bambaşqa olub, insanlar da başqalaşıb. Hələ bil yad planetə düşmüşəm. Mətiş kövrəldi.        

- Məni qınama Seva, ürəyim partlayır. İstəyirəm indicə çıxım küçəyə, qışqırıb aləmi yığım başıma, deyim hanı, hanı o günlər, harda qalmısız siz, niyə belə robortlaşmısınız, ey adamlar? Adamlarçın darıxmışam Seva. Elə bil adamlar qeybə çəkilib. Məni başa düşürsən?        

-Əgər özüm də adamlar üçün darıxmışamsa, deməli səni çox yaxşı başa düşürəm.        

-Yadındadı Seva, bir dəfə ad günümdən sonra Lalayla sən bizdə qaldız. Səhərə kimi şeir söylədik.        

-Hə... Yadıma gəlir.         O vaxtdan sənin söylədiyin kiçik misra şeir yadımda indiyədək qalıb. 

Nə xoşbəxtimişəm, bir zaman, Allah,                                    

Xəbərim olmayıb bu səadətdən.   

Dünya başdan-başa səadət imiş,                                  

Görəsən, heç bir də olarmı yenə?         

- Hə... Əli Kərim... Necə də yadında qalıb ay Mətiş.        

- Məni yaşadan elə yadımda qalanlardı də, Seva.        

- Ananın kitabları durur, Mətiş?        

- Eh... Anam da getdi, kitabları da. Anam kitablarını qardaşımın qızına vəsiyyət eləmişdi. İndikilər kitab qədri biləndir, bəyəm? Gündə bir kitab qurban gedir xırda ticarətə. Yazıq anam. Nə biləydi ki, onun üstündə əsdiyi kitablar bir vaxtlar sovetskidə Nisə xanıma tum satmaq üçün gərək olacaq. Anamın kitabları da özü kimi öldü.        

Hər ikisi susdu.        

-Əvvəllər ölümdən elə qorxardım. İndi yaşamaqdan qorxuram.        

Bu sözləri xəttin o başından Mətiş dedi. Anam yenə susdu.        

- Nöş dinmirsən, Seva. Yoxsa başıvı ağratdım?        

-Yox, yox, əksinə, çox xoşdur. Lalədən nə xəbər var? Görüb eləyirsən?        

- Əvvəlki tək görüşmürük. Yaxşı ev-eşiyi var. Bu yaxınlarda xarici maşın da alıb. Bir həci saxlayır onu. Çox imkanlı həcidir. Dörd dəfə Həccə gedib. Hər gələndə bir arvad alıb. Axırıncısı Lalədir.        

- Dediyin hacının neçə yaşı var?        

- Lalədən iyirmi beş yaş böyükdür. Amma yaxçı qalıb. Məşədi İbad demişkən, yüz cavana dəyər.        

- Buna şübhə etmirəm. Hələ sovet dövründə yüz iyirmi yaşlı kişi qırx yaşlı qadınla evlənib və üç oğul atası olub. Bu həyatı istəyincə yaşamaq üçün bəzən yaşın heç bir əhəmiyyəti olmur.        

- Yaxşı görək, az belə şey olar? Bu qədər yaşamaq olar?        

- Olub. Hətta bu sənədləşdirilib. Bu hadisə Abxaziyada olub. Ümumiyyətlə Qafqaz dünyada ən uzunömürlü insanların yaşadığı yerdir.        

- İndi yetmişə çatana bəxtəvər deyirik. Biz o yaşa çatmarıq yəqin.        

- Hərdən mənə elə gəlir ki, bu dünyanı yaman çox yaşadım, anam dedi.        

- Amma Iala əksinə deyir, deyir hələ bil həyatı yenidən başlamışam. Məktəbdə oxuyanda donzanqurduya oxşayırdı. İndi də elə gözəl deyil, amma bəzənib-düzənir, dəblə geyinir, pis görünmür.        

- Hacı nəylə məşğuldur ki?        

- Biznesmendir də nə olacaq? Həci də nə həci. Namaz qılandan sonra geyinib-keçinir, xarici qızlara restoranlarda “şot” verir. Sonra da gəlib namazını qılır. Bununla da bütün günahları yuyulur. Seva Həci tanıyıram ki, arvadıyla dənizdə kupalnikdə qucaqlaşıb xristian qonşum Saşa onların şəklini çəkib.        

Mətiş bərkdən güldü. ,        

- Dindən çirkin məqsədlər üçün istifadə edənlər çoxdur. Amma əsil dindarlar da var.        

- Nöş yoxdur... Elə rəhmətlik atam. Manat-manat pul yığmışdı ki, Həccə getsin. Qismət olmadı. Həmişə namaz qıldı. “Quran” oxuyardı. Ərəb dilini təmiz bilirdi. Bir kərə nalayiq söz işlətdiyini, yalan danışdığını, özgə arvadlarına kəm baxdığını görmədik.        

- Allah rəhmət eləsin.        

Mətiş kövrəldi.        

- Səni də səhər açılar-açılmaz narahat edirəm. Mənə nə var ey, dəvəsi   ölmüş ərəb kimiyəm. Amma   burnumun ucu göynəyir adamlar üçün, anam kimi, atam kimi, Əsəd müəllim kimi adamlarçın yaman darıxmışam, Seva.          Mənə elə gəlirdi ki, Mətiş mənim hər gün ünsiyyətdə olduğum, birgə yaşadığım insanlardan yox, tamam bambaşqa insanlardan danışır. Həm də bu insanlar Mətiş dogulandan bəri onunla bır yerdə yaşayırlar, sadəcə olaraq sovet dövründən sonrakı dövr həmən insanları nə qədər dəyışsə də, Mətişi heç cür dəyişə bilməmişdi.          - Işdə bir gözətçimiz var. Qacqındır. Yaşı  ötmüş qızıyla uşaq baxçasında qalır. Müdirə baxçanı qacqınlara helə-belə vermir a.....Satır. Məəttəl qaldın,həri?         - Yox .Artıq belə şeyləri cox görüb - eşidirik.         - Nöş yazmırsız bəs, siz yaziçılar hayana baxırsız bəs? Bəlkə sən də qoşulmusan bu adamlara         Mətiş sanki qorxa-qorxa soruşdu.         - Yox Mətiş, qoşulsaydım sənin kimi darıxmazdım ki adamlar ücün, bu qədər adamın içində.                Hər ikisi susdu.         - Gördün də Nobel mükafatini kimə verdilər. Bir yazıçı ki xalqina böhtan atıb şöhrət qazanacaq kimə lazimdi o cür yazıçı.          - Gördün ki, dünyaya lazım oldu. Sən dünyanın iştəklərindən əməlli başlı xəbərdar imişsən ki, Mətiş.            - Az həri...                     Mətişin əsnəməsi xəttin o başindan eşidildi.   - Əsnəmək əsnəmək gətirər deyiblər. Səni də əsnəmək tutdu deyəsən. Mən üc gecədir ki, fərli-başlı yatmıram.   - Niyə?  - Qonşumun oğlu universitetə qəbul olunmuşdu. Səhərə kimi vur catlasın, çal oynasin idi. Elə bil Qarabagı almışdılar. Özləri də qacqındılar...Amma sən kitabında Qarabağı elə təsvir etmisən ki, yaman kövrəldim. Sənin instituta qəbul olduğun gün indiki kimi yadimdadi,Seva.  - Hə...Anam hə kəlməsini cox uzun tələffüz edərək bir qədər kövrək dilləndi.-  İmtahandan çıxanda hava təzəcə qaralırdı. Birbaş Laləgilə gəldim, çox sevindi. Sonra sizə gəldik. Anam mənə Nizami Cəncəvinin “Xəmsə”sini bağışladı. Elə bil dünyanı verdilər mənə, indi də durur o kitablar. Lalə “Nağıl” tortu aldı, getdik bizə, çayla ləzzətlə içdik. O zaman mən cox xoşbəxt idim, Mətiş.- Lap kövrəltdin məni. Elə bil bu dunyaya yamağam,  Seva.- Bu dünyada hec kəs hec nə yamaq deyil Mətiş, bir də ki, həyat bu dünya ilə sona yetmir ki.Xəttin obaşından musiqi səsi eşidildi,- Tanıdın, Seva - Hə... Hüseynaga Hadıyev...- Həri. Allah ona rəhmət eləsin.Hüseynaga Hadıyev oxuyurdu. Bu gecə müğənninin ruhu Mətişlə bizdə dolaşırdı.Fikrimdə aylı, ulduzlu asiman var ,bu gecəKönlümdə körpə quzu tək bir umman var bu gecəBircə sən yoxsan əzizim, bilir aləm bu gecə Neyçin olmadın de ey yar, mənə həmdəm bu gecə.. - Səhər açıldı, - anam dedi.- Bir də bağışla məni, Seva. Ürəyimi boşaltdım sənə. Elə yüngülləşdim ki... Bilirəm adamların çoxusu mənim kimidir, onlar da boğulurlar, amma boğulduqlarını mənim kimi dillərinə gətirə bilmirlər, boğula-boğula qalıblar. Sən belə adamlardan yaz Seva, belə adamlardan. Eşidirsən, çoxlu yaz, mən oxuyacam sənin yazdıqlarını, mütləq oxuyacam. İndi sağ ol. Öpürəm səni...         Anam dəstəyi yerə qoyub qarşısındakı aynadan xeyli özünə baxdı. Sonra əlini ağ saçlarına çəkib boynunun ardında saxlayaraq “Bacarmadıq” dedi. Niyə belə dediyini ayırd edə bilmədim. O biz yatan otağa keçərək kiçik bacımın saçlarından öpüb pəncərənin qarşısına keçdi. Ağız-ağıza verib hürən itləri xeyli seyr edib yazı masasının üstündəki vərəqə nə isə qeyd edərək yatağına uzandı.Mən yerimdən qalxanda ən əvvəl anamın qeydiyyatı ilə maraqlandım. Anam yazmışdı: “Əvvəllər xoruzlar banlayanda ayılardıq, indi itlər hürəndə ayılırıq. Əvvəllər taleyimiz bizim arxamızca sürünürdü, indi biz taleyimizin arxasınca sürünürük, fərq bundadır Mətiş, ancaq bunda.” Mən də bu yazımı burada bitirdim. Daha doğrusu bu yazını Mətişlə anam yazdi, mən isə sadəcə olaraq onları ağ vərəqlərə köçürüb sizə çatdırdım.

 

Reshaiq yazıb:

 

Sahilə, çox gözəl. Sükanı belə saxla lol

bayraqdar yazıb:

 

salam Sahile xanim bu gun gordum ilk defe sizin blogunuzu yaxsidi amma daha da yaxsi ola biler ugurlar size

Aynur yazıb:

 

Buda çok güzeldi.Eline sağlık.Bide bana izi verirsen bu hikayelerini Türk diline çevri ediyim.Ne dersin?


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha